“COVID-19” pandemiyasının səbəb olduğu son böhran və regionun geosiyasi mənzərəsindəki təlatümlər risklərin idarə edilməsi sahəsinin vacibliyini bir daha vurğuladı.
Hazırkı dövrdə biznesi uğurlu şəkildə idarə etmək müntəzəm surətdə dəyişən vəziyyətlərə davamlı uyğunlaşma tələb edir. Sənaye gözləntilərindən və inkişaf tendensiyalarından vaxtında xəbərdar olmaq, onların sürətlə dəyişən tənzimləmələrə uyğunluğunu təmin etmək istəyiriksə, potensial risklər və təhdidlər barədə məlumatlılığı artırmalı, o cümlədən biznes tərəfdaşları ilə qarşılıqlı əlaqə saxlamalıyıq.
Toğrul Əliyev
Baş direktor / Azərbaycan Respublikası Mərkəzi Bankı
Toğrul Əliyev karyerasına 2005-ci ildə Ədliyyə Nazirliyində mütəxəssis olaraq başlayıb. 2008-ci ilədək nazirlikdə aparıcı vəzifələrdə çalışan Toğrul Əliyev, həmin ildən etibarən Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə departamentinin baş mütəxəssisi olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının heyəti sıralarına qoşulub.O, 2009-2013-cü illər ərzində Bankın müxtəlif departamentlərinə rəhbərlik edib.Toğrul Əliyev 2013-2019-cu illər ərzində Azərbaycan Respublikası Mərkəzi Bankında risklərin idarə edilməsi departamentinin direktoru olub. 2020-ci ildən etibarən isə Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktorudur.
Toğrul Əliyev Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə bakalavr dərəcəsinin məzunudur. 2019-cu ildən isə Böyük Britaniyanın “Sheffield” Universitetində “EMBA” üzrə təhsilini davam etdirməkdədir.
Emre Ünlüsoy
Regional direktor / Provenir
Emre Ünlüsoy Türkiyə, Yaxın Şərq və Balkan ölkələrində “Provenir” şirkətinin biznes fəaliyyətinin qurulması və genişləndirilməsi üzrə cavabdehdir. O, şirkətin İstanbul ofisində ticari biznes əlaqələrinin qurulmasına rəhbərlik edir.
Emre Ünlüsoy zəngin təcrübəyə malik bir peşəkardır. O, son 15 ildə analitika, qərarların qəbul edilməsi, kredit qərarlarının verilməsi və maliyyə cinayətləri sahəsində çalışıb.
Emre Ünlüsoy “Doğu Akdeniz” Universitetinin kimya və idarəetmə elmləri üzrə bakalav dərəcəsinə, İstanbul Texniki Universitetində sənaye mühəndisliyi sahəsində magistr dərəcəsinə yiyələnib.
Gökhan Sari
Baş partnyor / McKinsey
Risk təcrübəsinin rəhbəri / Türkiyə, Azərbaycan, MDB, Orta Şərq və Afrika regionu üzrə
Gökhan Sari “McKinsey” şirkətinin İstanbul ofisinin baş partnyorudur. O, Şərqi Avropa, Orta Şərq, Afrika, Türkiyə və Azərbaycan üzrə maliyyə təşkilatları və risk təcrübəsinə rəhbərlik edir. Öz fəaliyyətinə 1999-cu ildə İstanbulda başlayan Gökhan Sari, 10 il müddətində Hindistan və ABŞ ofisində çalışdıqdan sonra 2012-ci ildə yenidən İstanbula qayıdıb.
Gökhan Sari Ankaranın “Bilkent” Universitetində sənaye mühəndisliyi üzrə bakalavr pilləsini, Kolumbiya Universitetində isə “MBA” dərəcəsini tamamlayıb.
Mike Jennings
Maliyyə dayanıqlılığı departamentinin direktoru / Anthesis Qrup
Mike Jennings, Mərkəzi və Şərqi Avropa da daxil, Avrasiya ölkələrinin bir çoxunda işləyərək, çalışdığı şirkətin əlaqələrinin olduğu ölkələrdə yeni bizneslərin inkişafına dəstək göstərib. O, həmçinin müştərilərə bizneslərinin idarə edilməsi və genişləndirilməsi məsələlərində yardımçı olub. O, Azərbaycanda da bir sıra layihələrin həyata keçirilməsində iştirak edib.
Mike Jennings dayanıqlılıq, maliyyə, risk, tənzimləmə, strategiya, təchizat zənciri də daxil müxtəlif sahələr üzrə 28 illik konsaltinq və təminat təcrübəsinə malikdir.
Xəyalə Nağıyeva
Baş Risk İnzibatçısı / “PAŞA Bank” ASC
Xəyalə Nağıyeva yerli və regional maliyyə xidmətləri sənayesində 17 ildən artıq təcrübəyə malik korporativ maliyyə və risk peşəkarıdır.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər və biznesin idarə edilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 2002-ci ildə təhsilinin bir hissəsini “Open Society Institute” cəmiyyətinin təqaüdü ilə ABŞ-da keçirib. Xəyalə Nağıyeva hazırda “LSE”, “HEC Paris” və “NYU Stern “ Biznes Məktəbinin “TRIUM MBA” dərəcəsini tamamlamaq üzrədir.
Xəyalə Nağıyeva 2003-2009-cu illərdə “Deloitte” MDB-də maliyyə auditoru vəzifəsində çalışıb və 2007-ci ildən “Deloitte” MDB-də maliyyə məsləhətçiliyi xidmətləri üzrə baş məsləhətçi kimi işini davam etdirib.
Xəyalə Nağıyeva 2009-cu ildə investisiya meneceri kimi “PAŞA Holding” MMC heyətinə qoşularaq, şirkətin investisiya qərarlarının qəbulu üzrə imkanlarının artırılmasında fəal iştirak edib.
Xəyalə Nağıyeva 2010-cu ildən etibarən “PAŞA Bank”ın audit komitəsinin üzvünə çevrilib və 2012-2014-cü illərdə komitəyə sədrlik edib. O, 2015-ci ildən Bankın idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifələrinə təyin edilib.
Xəyalə Nağıyeva 1 mart 2018-ci il tarixindən Bankın idarə heyətinin üzvü və baş risk inzibatçısıdır.
Ahmet Kocamaz
Təsisçi və idarəedici partnyor / Crede
Ahmet Kocamaz karyerasına Çikaqoda maliyyə xidmətləri proqram təminatının tərtibatçısı olaraq başlayıb. O, “Qaranti Bank”da kredit kartları departamentində, “Finansbank”, Yunanıstan Mərkəzi Bankında, “Vojvodjanska Bank” və “Akbank”da müxtəlif analitik vəzifələrdə çalışıb. O, 2011-ci ildən etibarən isə böyük şirkətlərə xidmət göstərən “Crede Data Services”də rəqəmsal risklərin qiymətləndirilməsi üzrə məsul şəxsdir.
Ahmet Kocamaz “Bilkent” Universitetində kompüter mühəndisliyi dərəcəsinə və “Urbana-Champaign İllinoys” Universitetində “MBA” dərəcəsinə yiyələnib. O, “ Crede” şirkətində təsisçi və idarəedici partnyor kimi məlumat analitikası və ictimai məlumatların toplanması üzrə çalışmağa davam edir.
Ebru Oğan Knottnerus
İdarə heyətinin müstəqil üzvü / “PASHA Yatırım Bankası” A.Ş
Ebru Oğan Knottnerus “Orta Doğu” Texniki Universitetinin biznesin idarə edilməsi fakültəsinin məzunudur. O, bank sahəsində karyerasına 1991-ci ildə başlayıb və müxtəlif özəl banklarda , eləcə də təşkilatlarda daxili audit, daxili nəzarət, maliyyə nəzarəti, planlaşdırma və büdcə, “MIS” hesabatları, proqram təminatının tətbiqi və layihələrin idarə edilməsi istiqamətləri üzrə menecer və baş menecer olaraq çalışıb.
O, 2001-2018-ci illər ərzində “T. Garanti Bankası” A.Ş.-də risklərin idarə edilməsi departamentinin rəhbəri vəzifəsində bankın və onun törəmə müəssisələrinin risklərin idarə edilməsi fəaliyyətləri üzrə məsul olub.
Gökhan Yılmaz
Komplayns və Böhran konsaltinqi üzrə partnyoru / “PwC” Türkiyə
Gökhan Yılmaz “PwC” Türkiyədə məhkəmə ekspertizası, komplayns və böhran konsaltinqi təcrübəsinə rəhbərlik edir. O, məhkəmə araşdırmaları, mübahisələrin təhlili, komplayns, dələduzluq riskinin qiymətləndirilməsi və daxili audit sahəsində 20 ildən artıq təcrübəyə malik bir peşəkardır.
Gökhan Yılmaz “PwC” sıralarına qoşulmazdan öncə “Royal Bank of Scotland”da Avropa, Orta Şərq və Afrika regionu üzrə audit və araşdırmalara cavabdeh olan daxili audit direktoru vəzifəsində çalışıb. O, həmçinin beynəlxalq məsləhətçilik şirkətlərində və transmilli banklarda müvafiq sahələrdə 10 ildən artıq təcrübəyə malikdir.
Gökhan Yılmaz eyni zamanda Türkiyədə “Association of Certified Fraud Examiners” təşkilatının idarə heyətinə sədrlik edir.
Engin Aksoy
Məhkəmə ekspertizası, Mübahisələr və böhranların idarə edilməsi üzrə meneceri / “PwC” Türkiyə
Engin Aksoy “Bilkent” Universitetinin biznesin idarə edilməsi fakültəsindən məzun olduqdan sonra 2016-cı ildə məhkəmə ekspertizası, komplayns və böhran konsaltinqi üzrə “PwC” Türkiyə sıralarına qoşularaq, karyerasına başlayıb. O, hazırda “PwC” Türkiyədə menecer vəzifəsində çalışır.
Engin Aksoy dələduzluq riskinin qiymətləndirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyaların nəzərdən keçirilməsi, qlobal intellekt və risklərə nəzarət üzrə özünü qiymətləndirmə də daxil olmaqla, müxtəlif layihələrə cəlb olunub.
O, maliyyə xidmətləri, əczaçılıq, pərakəndə satış, gündəlik istehlak malları bazarı, istehsalat və enerji kimi müxtəlif sahələrdə təcrübə qazanıb.
Engin Aksoy “Bilgi” Universitetində audit və mühasibatlıq üzrə magistr dərəcəsini tamamlayıb.
Elmin İsgəndərov
Kredit Risklərinin Anderraytinqi departamentinin direktoru / "PAŞA Bank" ASC
Elmin İsgəndərov Azərbaycan Dövlət İqtisad Universiteti və “Newcastle” Universitetini fərqlənmə ilə bitirib. Karyerasına 2014-cü ildə “PAŞA Bank”da başlayan Elmin İsgəndərov hazırda kredit risklərinin anderraytinqi departamentinin direktoru vəzifəsində çalışır. O, “ACCA” üzrə müxtəlif dərəcələrə yiyələnib. Elmin İsgəndərov hazırda “Rəqəmsal KOS kreditləşməsi” və “Skorinq modelinin kreditləşmə dövrünə inteqrasiyası” kimi bir sıra mühüm layihələr üzərində işləyir.
Günay Cəlilova
İdarə heyətinin sədrinin müavini / Yelo Bank
Günay Cəlilova heyətin idarə edilməsi və marketinq də daxil, bank sektorunun müxtəlif sahələrinə dair zəngin təcrübəyə malik olan bir rəhbərdir.
O, “Yelo Bank”da məhsulların inkişafı, brendin idarə edilməsi və “CVM”(müştəri dəyərinin idarə edilməsi) funksiyalarına rəhbərlik edir.
Günal Cəlilova bank sektorunda fəaliyyət göstərdiyi 17 ildən artıq müddətdə filialların idarə edilməsi, korporativ bankçılıq, insan kapitalının idarə edilməsi, satış və biznesin inkişafı kimi bir sıra biznes istiqamətlərinə rəhbərlik edib.
Tibet Erdoğan
Məhkəmə ekspertizası, Mübahisələr və böhranların idarə edilməsi üzrə meneceri / “PwC” Türkiyə
Tibet Erdoğan “PwC” Türkiyədə məhkəmə xidmətləri qrupunun rəhbəridir. O, maliyyə cinayətlərinin analitikası, korrupsiya və fırıldaqçılıq araşdırmaları, mübahisələr və proses auditləri üzrə ixtisaslaşıb. O, həmçinin dələduzluğun monitorinqi, önlənməsi və dələduzluq riskinin qiymətləndirilməsi üzrə də çalışıb.
Tibet Erdoğan “PwC” Türkiyə sıralarına qoşulmazdan öncə 2018-2021-ci illər ərzində “Yapı ve Kredi Bank”da daxili auditor olaraq işləyib. O, burada kommersiya filiallarının auditləri, proses auditləri və araşdırmalar üzrə məsul olub. O, audit qruplarına risk hadisələri üzərində fokuslanmağa və dələduzluq hallarını müəyyən etməyə kömək edən dələduzğulun aşkarlanması ssenarilərini hazırlayıb. Tibet Erdoğan həmçinin daxili audit departamenti üçün Süni İntellekt və Robot proseslərinin avtomatlaşdırılması layihələrini idarə edib.
İlker Kurtuluş
Data Elmi şöbəsinin rəhbəri / "PAŞA Bank" ASC
İlker Kurtuluş “Boğaziçi” Universitetinin məzunu olduqdan sonra karyerasına “Vodafone” Türkiyədə başlayıb. O, burada ödəniş sistemi layihələrini idarə edib və 23 milyonluq müştəri bazasının məlumatlarını təhlil etmək üçün İT əməliyyatları üzərində çalışıb. Daha sonra “Oredata” şirkətində data elmi üzrə məsləhətçi kimi işləməyə başlayan İlker Kurtuluş, burada bir sıra sənaye sahələri üzrə 15-dən çox “use case” hazırlamağa nail olub. O, 2019-cu ildə sıfırdan data elmi funksiyasını qurmaq, eləcə də kredit reytinqi modellərini, həmçinin dinamik qiymət təyin edilməsini, portfelin diversifikasiyasını və dələduzluğun aşkar edilməsini inkişaf etdirmək üçün “fintech” şirkəti “Tarfin” sıralarına qoşulub. İlker Kurtuluş 2021-ci etibarən “PAŞA Bank”da data elmi şöbəsinə rəhbərlik edir. O, KOS müştəriləri üçün kredit reytinqi modellərinin işlənib hazırlanması, risk monitorinqinin aparılması, həmçinin data strategiyasının hazırlanması və tətbiqi, modelin yoxlanılması və məlumatların idarə edilməsi istiqamətləri üzrə məsuldur.
Qafar Dəmirçi
İdarə heyətinin sədri / “AGA” Şirkətlər Qrupu
Qafar Dəmirçi 1986-cı ildə doğulub. O, 2004-2007-ci illər ərzində “College London” Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini tamamlayıb. 2008-ci ildən etibarən “AGA” Şirkətlər Qrupunun icraçı direktoru vəzifəsində çalışan Qafar Dəmirçi 2012-ci ildə “Bravo Technologies” şirkətini təsis edib. O, 2017-ci ildən “Ferrum Capital”, 2020-ci ildən “Lotfi Zadeh Technology” Mərkəzi və “Fuzzy Coffee&Wine”, 2022-ci ildən isə “Brandmart” və “Content House” şirkətlərinin həmtəsisçisidir.
Vüsal Xəlilov
Texnologiyalar blokunun baş direktoru / “PAŞA Bank” ASC
Vüsal Xəlilov İT sahəsində zəngin təcrübəyə malik bir peşəkardır. O, “Oracle Certified Master Java Enterprise Architect”adını qazanan ilk azərbaycanlıdır.
Vüsal Xəlilov Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisası üzrə məzunudur. O, 2004-2008-ci illərdə bakalavr, 2009-2010-cu illərdə isə magistr dərəcəsini tamamlayıb. Proqramlaşdırma üzrə müxtəlif yerli müsabiqələrin qalibi olan Vüsal Xəlilov ADA Universiteti və Maastrixt İdarəetmə Məktəbinin “EMBA”proqramının məzunudur.
Peşəkar karyerasına 2006-cı ildə başlayan Vüsal Xəlilov müxtəlif şirkətlərdə proqramçı və İT mütəxəssisi kimi çalışıb. 2011-ci ildə “Azercell Telekom”da kiçik proqramçı kimi fəaliyyətə başlayan Vüsal Xəlilov, 2016-cı ildə məhsul və xidmətlərin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Vüsal Xəlilov 2018-ci ildə “PAŞA Bank” sıralarına qoşulub və rəqəmsal mühəndislik şöbəsinə rəhbərlik edib.
Oqtay Məmmədov
İdarə heyətinin üzvü və sədrin müavini / “AzerGold” QSC
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirən Oqtay Məmmədov həmin ildə peşəkar karyerasına başlayıb. O, 2004-2005-ci illərdə “Azpetrol Oil Company” MMC-də işlədiyi müddətdə baş direktorun köməkçisi, “Azpetrol LTD” MMC-də müşahidə şurasının sədrinin köməkçisi və bazar araşdırmaları departamentinin rəhbəri vəzifələrində çalışıb.
Oqtay Məmmədov 2007-ci ildə məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Karyerasını 2009-cu ildə “Təmiz Şəhər” ASC-də strateji tədqiqatlar üzrə mütəxəssis kimi davam etdirən Oqtay Məmmədov, daha sonra layihələrin idarə edilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, idarə heyətinin üzvü və sədrin müşaviri vəzifələrinədək yüksəlib.
2016-cı ildən etibarən “AzerGold” QSC heyətinə qoşulan Oqtay Məmmədov hazırda idarə heyətinin üzvü və sədrin müavinidir.
Kazım Tanrıverdiyev
Kredit risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi / "PAŞA Bank" ASC
Kazım Tanrıverdiyev “Marmara” Universitetinin bank işi ixtisasının məzunudur. O, daha öncə “EY” Azərbaycanda təminat xidmətləri sahəsində çalışıb.
Kazım Tanrıverdiyev hazırda “PAŞA Bank”ın kredit risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisdir.
Fariz Əzizov
İdarə heyətinin üzvü / “PAŞA Sığorta” ASC
Fariz Əzizov sığorta və qiymətli kağızlar bazarı sahəsində zəngin təcrübəyə malikdir. O, “Lancaster” Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsini, “Oxford” Universitetində proqram idarə edilməsi ixtisasi üzrə magistr dərəcəsini tamamlayıb. Fariz Əzizov 2009-2014-cü illərdə Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin idarə heyətinin sədri vəzifəsində çalışıb. 2014-2016-ci illərdə isə Bakı Fond Birjasının idarə heyətinə və müşahidə şurasına rəhbərlik edib.
2016-2018-ci illərdə İcbari Sığorta Bürosuna rəhbərlik edən Fariz Əzizov, 2018-ci ildən etibarən “PAŞA Sığorta”ASC-nin idarə heyətinin üzvüdür.
Kenessari Kassimov, FRM, CISA, CRISC
Risklərin idarə edilməsi departamentinin baş meneceri / “Deloitte” Qazaxıstan
Kenessari Kassimov 2015-ci ildən “Deloitte” Qazaxıstan heyətinin üzvüdür.
O, maliyyə sektorunda kredit risklərinin idarə edilməsi üzrə ixtisaslaşıb. Kenessari Kassimov Qazaxıstanda bir sıra audit keyfiyyətinə nəzarət layihələrində, həmçinin konsaltinq və audit fəaliyyətlərində də iştirak edib. O, məlumatların etibarlılığının və tamlığının yoxlanılması (DIV), portfelin qruplaşdırılması və nümunələrin seçilməsi, kredit fayllarının yoxlanılması planı və zərərlərə qarşı məcmu ehtiyatının yaradılması (“challenger” modeli) kimi iş bloklarına rəhbərlik edib. Kenessari Kassimov həmçinin Qazaxıstan və Rusiyada validasiya metodologiyasının müəyyən edilməsində və kredit riskinin qiymətləndirilməsi modelinin təsdiqində iştirak edib. Bundan əlavə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın maliyyə institutları üçün gözlənilən kredit itkisi metodologiyasının hazırlanması və “IFRS 9” standartının tətbiqi layihələri üzrə avtomatlaşdırma üçün texniki spesifikasiyaların yazılması ilə məşğul olub. O, gözlənilən kredit itkisi ehtiyatlarının adekvatlığının qiymətləndirilməsində maliyyə hesabatlarının auditi və lazımi araşdırma layihələrini dəstəkləyib. Kenessari Kassimov həmçinin MDB üzrə validasiya metodologiyasının müəyyən edilməsində və kredit riskinin qiymətləndirilməsi modellərinin təsdiqində iştirak edib.
Tərəfdaşlar